Dədə Qorqud parki haqqinda

Dədə Qorqud parkı ozandır. Bu park hekayə söyləyir. Həmin hekayə azərbaycanlılıq və Azərbaycanın irsi barəsindədir. Dədə Qorqud Parkı Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayiş meydanı olacaqdır. Xalqımızın yaddaşlarda qalmış tarixi hadisələri əsasında tərtib edilən bu park üç bağdan ibarət olacaq və hər bağ özündə müxtəlif simvolları daşıyan abidələrlə zəngin olacaqdır. Bu simvollar Azərbaycan xalqının uzun əsrlərdən bu günümüzə gəlib çatmış mədəniyyətinə, tarixinə, ədəbiyyatına və təbiətinə həsr olunacaqdır. Park boyunca və parkın içində müxtəlif görməli yerləri gəzmək və abidələrə tamaşa etmək üçün “möcüzəli cığırlar” uzanacaqdır.

Bu cığırlar elə salınacaq ki, parka daxil olan insanlar bu cığırlarla parkı seyrə çıxacaq. Sanki bu cığırlar Azərbaycanın mədəni irsinin, təbiətinin və tarixinin bələdçisi olacaq və parka seyrə çıxanları parkın əvvəlindən axırına qədər gəzdirəcəkdir. Parkı seyrə çıxanlar hər dayanacaqda Azərbaycanın irsini, tarixini, təbiətini və mədəniyyətini əks etdirən nümunələrlə tanış olacaqdır. Bu cığırlar üzərində isə yeddi talvar salınacaqdır.

Talvarlıq Azərbaycanda geniş yayılmış ənənədir və kölgəlik yaratmaq məqsədi ilə istifadə olunur. Bu parkda isə talvarlar mədəni irsimizin daha bir simvoluna çevriləcək – Dədə Qorquddan bu günümüzə çatmış ozanlıq ənənəsini özündə daşıyacaqdır.

Tariximizin və mədəniyyətimizin yaddaqalan səhifələrinə həsr olunmuş bu talvarlar sanki ozan kimi, park boyunca, Azərbaycan tarixini və mədəni irsini yaşadan hekayətlər nəql edəcəkdir. Talvarlar bu cür adlandırılmışdır: Kitabi-Dədə Qorqud talvarı, İpək yolu talvarı, On iki prinsip talvarı, Doqquz iqlim zonası talvarı, Novruz talvarı, İncəsənət talvarı və Poeziya talvarı.

ADA-nın kampusu bu parkda yerləşəcəkdir. Parka gəzintiyə çıxan insanlar və Akademiyada təhsil alan azərbaycanlı və xarici tələbələr hər gün tarixlə və mədəniyyətlə zəngin olan bu parkdan keçəcək və “möcüzəli cığırlar”ın və talvarların nəql etdiyi hekayətlərə “qulaq asacaqlar”. Beynəlxalq münasibətlər məktəbi olan ADA bu zəngin irsin və hekayənin ölkə sərhədlərindən kənarda tanınmasına yardım edəcəkdir. Dədə Qorqud Parkı tək azərbaycanlıların istirahət güşəsi deyil, eyni zamanda, beynəlxalq turizm mərkəzi olacaqdır.

İrs gəzinti dairəsi

Dədə Qorqud parkı, eyni zamanda, beynəlxalq turizm mərkəzi kimi inkişaf edəcəkdir. Bu məqsədlə, parkın memarları, EDAW İnc. və EYP şirkətləri, “İrs gəzinti dariəsi” layihəsini təklif etmişlər. Dədə Qorqud parkından başlayan bu tur Bakının bir sıra görməli yerlərini gəzərək parka qayıdacaq Təklif olunan dairəyə Bakının mühüm mədəni-tarixi abidələri daxil olacaqdır. İki mərtəbəli tur avtobusları daim tur xətti üzrə hərəkət edəcək.

Dədə Qorqud abidəsi

Dədə Qorqud parkının əsas girişi Ceyhun bəy Hacıbəyov küçəsindəndir və bu giriş Dədə Qorqud abidəsinə açılır. Dədə Qorqud abidəsi Mərkəzi Çəmənlikdən, Sülh və Səbir bağlarından, Həmrəylik Meydanından, 12 tavansız Boy otaqlarından və Meydanın mərkəzində yerləşən Dədə Qorqud heykəlindən ibarətdir. Dərhal girişdən başlayan Mərkəzi Çəmənlik simvolik olaraq 40 ədəd dəmirağacı ilə əhatə olunmuşdur. Milli ekoloji sərvətlərin qorunması məqsədilə, parkın yaşıllandırılmasında Azərbaycanın təbii iqlim şəraitinə xas olan bitki və ağaclardan istifadə olunacaqdır. Mərkəzi çəmənlikdəki dəmirağacları azərbaycanlılar arasında birlik və gücün timsalı olacaqdır.

Mərkəzi çəmənliyin kənarlarını əhatə edən dəmirağacları iki bağa bölünəcəkdir: sağ (cənub) tərəfdə Sülh bağı, sol (şimal) tərəfdə Səbir bağı. Ağaclarla birgə bu bağlarda Dədə Qorqud dastanında adı çəkilən güllər, çiçəkləyən və meyvə gətirən kolluqlar da əkiləcəkdir. Hər bağda 12 gül yatağı olacaq və alçaq bağ hasarları bağı qismən örtəcəkdir. Hasarın bayır tərəfi sülh və səbir haqqında yazılarla, Dədə Qorqud dastanlarından toplanmış sitatlarla bəzədiləcəkdir. Möcüzəli cığır boyunca müəyyən məsafədən bir divarlarda şüşə panelləri olan giriş qapıları qoyulacaqdır. Bu qapılar şüşə olduğu üçün bağları kənardan da seyr etmək mümkün olacaqdır. Seçilmiş poeziya parçaları basma, yaxud qumvurma metodu ilə şüşə qapıların üzərinə həkk ediləcəkdir. Hər iki bağın mərkəzi hissəsində yerləşən balaca fəvvarə Dədə Qorqud abidəsindən keçən su kanalı vasitəsi ilə bir-biri ilə əlaqələndiriləcəkdir.

Fəvvarələrin hovuzu və su kanalı İslam su bağlarının ənənələrinə uyğun inşa ediləcəkdir. Dəmirağacların kölgəsində daş skamyalar və portativ fransız bistro stulları qoyulacaqdır. Parkı seyrə çıxanlar bu stul və skamyalarda əyləşərək, təmiz hava qəbul edəcək və dostları ilə söhbətdən zövq alacaqlar.

Geniş, açıq sahə olan mərkəzi çəmənlikdə vaxtaşırı festivallar keçirilən zaman çadırlar qurula bilər. Çəmənliyin baş tərəfində Həmrəylik Meydanı yerləşəcəkdir. Bu dairəvi meydança pilləkən və su ilə əhatələnəcəkdir. Dörd tərəfdən – şimal, cənub, şərq və qərbdən gələn cığırlar Həmrəylik Meydanında birləşəcəkdir. Meydanı hər biri Dədə Qorqud dastanının bir boyuna həsr olunmuş 12 üstü açıq otaq əhatə edəcəkdir. Otaqlar daş və şüşədən qurulacaqdır. Dədə Qorqud dastanının yayıldığı ərazilərin genişliyini göstərmək məqsədilə, bu otaqlarda Avrasiyanın Oğuzlar yaşayan ərazilərindən gətirilmiş daşlardan istifadə olunacaqdır. Mütəxəssislərin Dədə Qorqud dastanından seçdiyi ifadə və illüstrasiyalar daşların və şüşələrin üzərinə həkk ediləcəkdir. Otaqların divarları və döşəməsi Mərkəzi Asiyadan gətirilmiş geoloji nümunələrlə bəzədiləcəkdir. Bu nümunələr ölkələrarası miqrasiyanın simvolu olacaq və xalqlararası əməkdaşlıq proqramına əsasən toplanacaqdır. Otaqların ətrafında salınmış həmişəyaşıl ağac və kollardan ibarət meşəlik yamac isə bu 12 otağa sirli-sehrli görkəm verəcəkdir.

12 boyu təmsil edən 12 otağın mərkəzində Dədə Qorqud otağı yerləşəcəkdir. Sülh və Səbir bağlarına axan sular öz mənbəyini bu otaqda yerləşən yonulmuş monolitdən götürəcəkdir. Otağın mərkəzində ucalacaq abidənin daşı Qobustandan gətiriləcək və bu Azərbaycanın qədim köklərə və tarixə malik olmasını göstərəcəkdir. Bu abidə otaqda elə yerləşdiriləcəkdir ki, dörd tərəfdən görünsün və dörd tərəfdən ona yaxınlaşmaq mümkün olsun. Dədə Qorqud otağını sanki qoynuna almış 12 otaq dastanlarda ana və qadının roluna olan ehtiramı təcəssüm etdirəcəkdir.

Mərkəzdə yerləşən Dədə Qorqud otağından başlayan maili çəmənlik Həmrəylik Meydanına doğru amfiteatr şəklində, aypara şəkilli fəvvarəyə qədər uzanacaq və bura musiqili çıxışlar və hekayətlərin nəql edilməsi üçün gözəl bir guşəyə çevriləcəkdir. Fəvvarələrin şırıltısı musiqili proqramları müşayiət edəcəkdir. Adi vaxtlarda bu mərkəzi fəvvarənin suyu sakit olacaq. Xüsusi tədbirlər zamanı fəvvarənin yatağından axınlar hərəkətə gələcək və su günəş şüaları altında rəqs edəcəkdir. Dairəvi fəvvarənin üzərindən keçən körpü amfiteatr ilə Həmrəylik Meydanını birləşdirəcəkdir.

Dədə Qorqud abidəsi parka gələnlərin zövqünü oxşamaq və milli mədəniyyətimiz haqqında məlumat vermək üçün ucaldılacaqdır. Dədə Qorqud parkına gələn hər bir kəs, istər parkı seyrə çıxanlar, istərsə də bura istirahət etməyə gələn ailələr, dostlar, məktəb şagirdləri yaxud sakinlər burada ağacların, güllərin və fəvvarələrin arasında dincələcək və Azərbaycanın milli-mədəni irsi haqqında məlumat əldə edəcəklər.

Həmrəylik Meydanının mərkəzində duran zaman parkın dörd bir tərəfi görünəcəkdir. Ozan adəti ilə Həmrəylik Meydanında məktəblilər üçün söhbətlər, öyrədici məclislər keçirilə bilər. Aşıqlar burada söz deyib, saz çala bilərlər. Meydanın ətrafına toplaşan məktəblilər mərkəzdə rəvayətlər danışana qulaq asa bilərlər. Bundan başqa, Meydanda festival, konsert və səhnə çıxışları keçirilə bilər. Bu tədbirləri seyr etməyə gələn insanlar çadırlarda, ağacların kölgəsində və bağlardakı kölgəliklərdəki skamyalarda, yaxud yelpikşəkilli çəmənliklərdə oturacaq, rəvayətlər, musiqi və söhbətlərin dərinliyinə dalaraq, Dədə Qorqud abidəsinin rəngarəng və ecazkar mənzərəsindən həzz alacaqlar. Gecələr dəmirağacı meşəliyi, Sülh və Səbir bağları, Həmrəylik Meydanı və Dədə Qorqud abidəsi tamam başqa bir aləm olacaqdır. Ağaclarda, daşlarda və fəvvarələrdə yerləşdirilmiş qeyri-adi, ecazkar işıqlar buranı möcüzəli, əfsanəvi, eyni zamanda eleqant görünüşlü bir dünyaya çevirəcək və şəhərin qonaqlarında gözəl təəssüratlar oyadacaqdır.

Parkın planı 

Hazırki vəziyyəti

Dədə Qorqud parkı Gənclik metro stansiyasının yaxınlığında yerləşir. Bu park Bakıda Dənizkənarı Milli Parkdan sonra ikinci ən böyük parkdır.

Hazırda parkda şam ağacları üstünlük təşkil edir. Bu ağaclar 1950-ci illərdə salınmışdır və onlar arasında ən çox Sidr, Qovaqağacı, Cercis, və Akasiya ağaclarına rast gəlmək olar. Parkın çəmənlikləri əsasən otluqlardan ibarətdir, lakin tullantı qalaqları və nəzarətsiz piyada keçidləri üzündən otluqların sahəsi kiçilmişdir.

Parkda təbii su yoxdur, lakin yaxınlıqdakı Respublika Stadionunun ətrafında qurulmuş novalçalar yağışlı aylarda su ilə aşıb-daşır və suvarma üçün istifadə oluna bilər.

Parkın torpağı qumludur və yüksək aşınmaya malikdir. Bu torpaqlar bitkiçilik üçün yararlı hesab olunmur. Bundan əlavə parkın şimal-qərb hissəsindən cənub hissəsinə doğru 40 m maililik var. Burada yaşıllıq işləri aparmaq üçün torpağın keyfiyyətini yaxşılaşdırmaq tələb olunur. Burada aparılacaq yaşıllıq işləri aşınmanın qarşısını almağa kömək edəcəkdir.

Məkanı və girişi

ark şəhərin müxtəlif hissələrinə istiqamətlənmiş yollarla əhatələnmişdir.
Şimaldan: Gənclik metro stansiyası; Şərqdən: Respublika Stadionu; Cənubdan: Bakıxanov küçəsi, Təbriz küçəsi; Qərbdən: Ceyhun bəy Hacıbəyov küçəsi və Vaqif prospekti.

Parkın yaxınlığında daha bir park yerləşir ki, bu da Zorge Parkıdır.

Əsas divarları
Park alçaq hündürlüyə malik hasarla dövrəyə alınacaqdır. Daş hörgülü bu hasarı çəkməkdə məqsəd parkın ərazisini ətrafdan fərqləndirmək və parka giriş məntəqələrini müəyyən etməkdir.

Parka giriş
Parkın bir neçə giriş qapısı olacaq və bu giriş qapıları əhəmiyyətindən asılı olaraq müxtəlif ölçülərdə olacaqdır. Parkın əsas girişi Ceyhun bəy Hacıbəyov küçəsindən olacaq və Zorge parkı ilə üz-üzə yerləşəcəkdir. Bu girişdə daş divarlar, dəmir darvaza, hasar, darvazanın hər iki tərəfində fəvvarələr və yaşıllıq olacaqdır. Digər qapılar isə daha sadə olub, daş sütunlardan və dəmir darvazalardan ibarət olacaqdır.

Bağlar

Dədə Qorqud Parkı ozandır. Bu park hekayə söyləyir. Həmin hekayə əsasən üç məhfuma həsr olunmuşdur. Azərbaycanın tarixi və irsi, təbiəti və mədəniyyəti. Məhz buna görə də park üç bağa bölünmüşdür.

  • İrs bağı – Bu bağ Kitabi-Dədə Qorquda və Azərbaycanın tarixinə həsr olunmuşdur. Mərkəzi Dədə Qorqud abidəsi bu bağda yerləşəcəkdir.
  • Botanika vadisi – Bu bağ Azərbaycanın flora və faunasını nümayiş etdirir.
  • İncəsənət bağı – Bu bağ Azərbaycanın incəsənəti, musiqisi və ədəbiyyatından xəbər verir.

Parkda salınacaq üç bağ möcüzəli cığırlar ilə birləşəcəkdir. Bu çığırlar parkda gəzintiyə çıxan hər bir kəsi Azərbaycanın tarixi, təbiəti və zəngin mədəni irsi ilə tanış edəcəkdir.

İrs bağı

Bu bağ Azərbaycanın tarixinə həsr olunmuşdur. Bağın əsas xüsusiyyəti Kitabi Dədə Qorqud abidəsidir. İrs bağı Dədə Qorqud dastanı və bu dastanlarda mədh olunan dəyərlərə həsr olunmuşdur.

İrs bağı parkın şimalında yerləşir və aşağıdakı hissələrdən ibarətdir.

İki fəvvarəli giriş meydanı və Mərkəzi çəmənlik
Bu ərazi düzbucaqlı formasında olacaq və iki bağla əhatələnəcəkdir. Parkın girişinə möhtəşəm görkəm verən bu meydan tədbirlərin və festivalların keçirilməsi üçün münasib yer olacaqdır. Tədbirlər zamanı burada Kitabi-Dədə Qorqud dastanında olduğu kimi çadırlar qurula bilər.

Sülh bağı və Səbir bağı
Azərbaycanlılar tarix boyunca sülhservərliyi və dözümlülüyünə görə tanınmışdır və bu ənənə bu gün də davam etməkdədir. Bu bağlar azərbaycanlıların daim sadiq qaldığı sülh və səbrin (dözümlülük və tolerantlığın) simvolu olacaqdır. Hər bağda 12 gül yatağı olacaqdır. Bu isə Kitabi-Dədə Qorqud dastanının 12 boyuna işarədir. Kitabi-Dədə Qorqud dastanından sülh və səbrliliyə aid ifadələr və şeir parçaları seçilərək bağların divarlarında həkk olunacaqdır.

Həmrəylik meydanı 
Həmrəylik meydanı su və pilləkənlərin əhatəsində yerləşir və Mərkəzi çəmənlikdən Həmrəylik meydanına yol gedir. Bu meydan dairəvi ərazidir və Parkın dörd tərəfindən – şimaldan, cənubdan, şərqdən və qərbdən meydana yol gələcəkdir. Bu meydan parkın mərkəzi plazası olacaqdır və Dədə Qorqudun ətrafında birləşmiş tayfaları təcəssüm etdirəcəkdir. Dədə Qorqud dastanında boylar Dədə Qorqudun sözləri ilə başlayır və sona çatır. Bu meydan isə el ağsaqqalı olan Dədə Qorqudun ətrafında birləşmiş tayfaların və Dədə Qorqudun müdrikliyinin rəmzidir.

Kitabi-Dədə Qorqud talvarı və İpək Yolu talvarı 
Bu talvarlar daş sütun və bu sütunların üzərində ağacdan düzəldilmiş çardaqdan ibarətdir. Bu talvarlar qədim İpək Yolu ölkəsi olan Azərbaycanın keçmişini və mədəni irsini nümayiş etdirəcəkdir.

Dədə Qorqud abidəsi 
Açıq havada olan Dədə Qorqud otağı Həmrəylik meydanının mərkəzində yerləşəcəkdir. Otaqda monolit daşdan yonulmuş abidə Sülh və Səbir bağlarına axan suyun mənbəyi olacaqdır. Bu mərkəzi abidənin daşı Qobustandan gətiriləcəkdir və bu daş Azərbaycanın ulu keçmişə malik olmasını əks etdirəcəkdir. Heykəl elə yerləşdiriləcəkdir ki, bütün istiqamətlərdən görünsün. Həmrəylik meydanı boyunca yerləşən 12 otaq mərkəzdəki Dədə Qorqud otağını dövrəyə alacaqdır. Bu isə Kitabi-Dədə Qorqudda ana və qadının roluna ehtiramı ifadə edəcəkdir.

Kitabi-Dədə Qorqudun on iki tavansız otağı 
Həmrəylik meydanının ətrafında 12 üstüaçıq otaq olacaqdır. Otaqlar bir-birindən daş divar və müxtəlif hündürlüyə malik, üzərinə yazı həkk edilmiş şüşə panellərlə ayrılacaqdır. Bu otaqların hər birinin daşı Oğuz tayfalarının yayıldığı ərazilərdən gətiriləcəkdir, bu isə həm dastanın geniş bir məkanda tanınmasına işarə edəcək, həm də bu abidəyə beynəlxalq çalar verəcəkdir. Bu divarlar otaqları qismən örtəcək və onlardan döşəmə kimi də istifadə olunacaqdır. Kitabi-Dədə Qorqud dastanından seçilmiş ifadə və illüstrasiyalar daşların və şüşələrin üzərinə həkk ediləcəkdir.

Xudafərin körpüsü
Daşdan tikilmiş bu piyada körpüsü Araz Fəvvarəsinin üzərindən keçən əsas körpü olacaqdır.

Araz Fəvvarəsi
Bu fəvvarə Həmrəylik meydanı ilə amfiteatr arasında yerləşəcəkdir. Aypara şəklində inşa edilən bu fəvvarə daşla əhatələnəcəkdir. Fəvvarədə sualtı axınlar olacaq və xüsusi tədbirlər zamanı bu axınlar hərəkətə gətiriləcəkdir.

Sürət qatarı çay evi 
Burdakı qatar stansiyası bərpa edilərək çay evi kimi istifadə olunacaqdır.

Relsüstü İnternet kafe 

Keçmiş qatar vaqonu internet kafeye çevriləcəkdir və bu kafe çay evi ilə bitişik olacaqdır .

Uşaqların sehrli aləmi (Oyuncaq qayıq gölü və köşk)
Uşaqlar üçün nəzərdə tutulmuş bu Sehrli aləmdə oyuncaq qayıqlar üçün gölməçə yaradılacaqdır və oyuncaq qayıqlar gölməçənin yaxınlığındakı köşkdə icarəyə veriləcəkdir. Burada ağaclıqlar da olacaq və parkın digər ziyarətçiləri ağac kölgəsində oturub oynayan uşaqlara tamaşa edə biləcəklər.

Cıdır Düzü otluğu və terrası
Bu otluğun sahəsi futbol meydançasının sahəsi qədər olacaq və ərazi qaçış cığırı ilə əhatələnəcəkdir. Bu meydança futbol oyunu və ya ədəbi tədbirlər keçirmək üçün münasibdir. Meydança və qaçış cığırı boyunca piyada cığırı salınacaq və bu cığır üzərində skamyalar düzüləcək və kölgəlik üçün ağaclar salınacaqdır. Fəvvarələr, abidələr və skamyalar üçün çardaqlar qurulacaqdır.

Cıdır düzü terrası futbol meydançasına və Cıdır düzü otluğuna bitişik olacaqdır. Cıdır düzü terrası daşla döşənmişdir və kiçik toplantılar üçün nəzərdə tutulmuşdur. Bu terras Cıdır düzündə təşkil olunacaq tədbirlərin səhnəsi kimi də istifadə oluna bilər.

Vaqifin abidəsi 
Abidə Azərbaycanın görkəmli şairi və Qarabağ xanının vəziri Molla Pənah Vaqifin şərəfinə ucaldılacaqdır.

Dörd başlıca prinsip fəvvarəsi 
Cıdır düzünün künclərinə dörd ədəd oxşar fəvvarə qoyulacaqdır. Bu fəvvarələr meydana ahəngdarlıq hissi gətirəcək və romantik görkəm verəcəkdir. Fəvvarələr Azərbaycanın milli mənsubiyyətinin dörd elementinin təcəssümü olacaqdır.

Tennis Kortu 
Tennis kortlarına asfalt döşənəcəkdir və kort hasarlanacaqdır. Kortun sərhədləri boyunca və girişində yaradılmış kölgəli yaşıllıq korta cəlbedici görkəm verəcək və kənardakıları idman oyunlarına qoşulmağa sövq edəcəkdir .

On iki prinsip talvarı 
Bu talvarlar Azərbaycan irsinin və tarixinin ən vacib 12 prinsipini əks etdirir. 12 ədədi boylara işarədir.

Diplomatiya cığırı
Azərbaycan diplomatiyasına və ən uğurlu siyasi xadimlərinə həsr olunmuş bu cığır ziyarətçiləri Azərbaycan Diplomatik Akademiyasına aparacaqdır.

Böyük çəmənlik
Bu çəmənlik iri sahəli yaşıl ərazi olub, əyləncəli tədbirlər və piknik üçün nəzərdə tutulmuşdur.

Botanika vadisi

Botanika vadisi Azərbaycanın doqquz iqlim zonasını əks etdirəcək. Hər iqlim zonasına bir guşə həsr olunacaqdır. Bağı seyr edənlər mürəkkəb, labirint şəkilli cığırları dolaşaraq bu iqlim zonalarının şahidi olacaqlar. Meyvəliklərdə Azərbaycanda yetişdirilən lətli və ləpəli meyvə ağacları əkiləcək. Meyvəliyin mərkəzində, Şəffaf gölün qarşısında meyvə bağı pavilyonu yerləşəcək. Bu pavilyonda botanikaya aid illüstrasiyalar nümayiş etdiriləcəkdir. Azərbaycanın yerli və aborigen bitkiləri qrup şəklində Botanika vadisinin Aynalı gölün ətrafında əkiləcəkdir.

Belveder Pavilyonu Doqquz iqlim zonası talvarlığının yaxınlığındakı alçaq yüksəklikdə yerləşir. Vadidə bitkilərin təbliği və araşdırması mərkəzləri açılacaqdır və bu mərkəzlər vaxtaşırı təlimlər təşkil edəcəkdir. Hazırkı şam ağaclarının böyük hissəsi kəsilməyəcək, əksinə salınacaq bağları və meyvəlikləri çərçivə kimi əhatə edəcəkdir.

Aynalı gölün və Şəffaf gölün su mənbəyi İncəsənət bağında yerləşən Qayıqçı gölü olacaqdır. Burdan baş götürən axın daim dövr edərək bu iki gölü su ilə təmin edəcəkdir.

Möcüzəli cığırlar
Möcüzəli cığırlar Botanika vadisində iqlim zonalarına həsr olunmuş bütün bağlardan keçərək vadinin ətrafında dövrə vuracaqdır

Doqquz iqlim zonası bağı

Meyvə bağı pavilyonu
Bu pavilyon Şəffaf gölün qurtaracağında yerləşir. Açıq havada qurulmuş bu pavilyon taxta və daşlarla bəzədilmişdir. Pavilyonda botanikaya aid illüstrasiyalar nümayiş etdiriləcəkdir.

Şəffaf göl
Bu göl Botanika vadisində salınmış iki antropogen göldən biridir və botanika aləminin nümayişi üçün nəzərdə tutulmuşdur.

Yabanı çəmənlik

Meyvə bağları

Vadi


Belveder Pavilyonu
Belveder Pavilyonu açıq havada taxta və daşlardan inşa ediləcəkdir. Bu pavilyon parkın şərq girişində, kiçik təpəciyin üzərində yerləşəcəkdir.

Doqquz iqlim talvarı
Bu talvar taxta və daşlardan düzəldilmiş çardaq və meynəlikdir və burada Azərbaycandakı doqquz iqlim zonasının flora və faunası nümayiş etdiriləcəkdir.

Aynalı göl
Bu göl Botanika vadisində salınmış digər antropogen göldür və botanika aləminin nümayişi üçün nəzərdə tutulmuşdur.

Şəlaləli çay

Kaskad daş üzərində axan bu çay Qayıqçı göldən baş götürür və Aynalı göllə Şəffaf gölü su ilə təmin edir. Parkı seyrə çıxanlar bu çayın sahilində gəzməkdən zövq alacaqdır.

İncəsənət bağı

İncəsənət bağı Azərbaycanın musiqi, ədəbi və incəsənət irsinə həsr olunub. Bu bağın əsas xüsusiyyəti Qayıqçı gölünün ətrafında ucaldılacaq abidələrdir. Həmin abidələr Azərbaycanın görkəmli rəssamları, bəstəkarları, şair və yazıçılarına ucaldıla bilər.

Gölün ətrafı gözəl mənzərəyə malik olacaq, belə ki, göl boyunca bu abidələrlə yanaşı estetik dizayna malik olan külək turbinləri düzüləcəkdir. Bu turbinlər parkın işıqlandırılması və digər məqsədlər üçün külək enerjisi yaradacaqdır. Qayıqçı gölündən Əli və Nino adasına daşlı körpü salınacaqdır. Parkın ziyarətçiləri İncəsənət Talvarının kölgəsi altında gəzə, otura və dincini ala biləcəklər.

Gölün şimal hissəsindəki ərazi gələcəkdə salınacaq “Yeni Səhnə” kompleksi üçün nəzərdə tutulmuşdur. Ədəbi-bədii tədbirlər keçiriləcək bu səhnə kompleksi iki mərtəbədən ibarət olacaq. Kompleksdə incəsənət qalereyası da yerləşəcək və bu qalereyada Azərbaycandan və digər ölkələrdən gətirilmiş fotoşəkillər, rəsm əsərləri və əl işləri sərgiyə qoyulacaqdır. Səhnə kompleksinə kamera musiqi zalı və kokteyl otağı, mətbuat mərkəzi, kitab mağazası, əl işləri və muzey mağazası və kiçik kinoteatr da daxil olacaqdır. ADA-nın auditoriyaları nüfuzlu qonaqların mühazirələri üçün nəzərdə tutulduğu kimi, Yeni Səhnə kompleksi də konfrans və diplomatik qəbullar üçün nəzərdə tutulmuşdur. İctimaiyyətin əyləncəli vaxt keçirməsi üçün bu kompleks ideal yer olacaqdır.

Muzeyin şimalındakı geniş otluq ərazidə ziyarətçilərin diqqətini çəkən ilk mənzərə Qobustan mağarası olacaqdır. Bu mağara şəlalənin arxasında yerləşəcək və buraya yalnız şəlalədən keçən daş pilləkənlə getmək mümkün olacaq. Onun qərb hissəsində isə açıq hava tədbirləri üçün nəzərdə tutulmuş amfiteatr yerləşəcəkdir.Mağaranın şərq hissəsində – əvvəlki Şimal stansiyasının dövrəsində isə Uşaqlar üçün nəzərdə tutulmuş Sehrli Dünya yerləşəcək. Şimal stansiyasındakı çay bağı Poeziya Plazası və Talvarı ilə dövrəyə alınacaqdır.

Küləklər şəhəri promenadası
Qayıqçı gölünün ətrafında estetik dizaynlı külək turbinləri qurulacaqdır. Bu turbinlərin yaratdığı enerjidən parkın işıqlandırılması və digər məqsədlər üçün istifadə ediləcəkdir.

Novruz Talvarı
Bu talvarlıq Novruz bayramının ən gözəl adətlərinə həsr olunacaqdır.

Abidələr Xiyabanı
Bu xiyaban Qayıqçı gölünün ətrafında salınacaqdır və xiyabanda 12 abidə ucaldılacaqdır. Bu abidələr Azərbaycanın tanınmış musiqi, ədəbi və incəsənət xadimlərinə həsr edilə bilər.

Qayıqçı gölü və Əli və Nino Adası
Bu adaya yol ancaq piyadalar üçün inşa edilmiş daş körpüdən olacaqdır. Bu ada Yeni Səhnə kompleksinin yaxınlığında sakit, xəlvəti bir guşə olacaqdır və pakın gözəlliyinə əlavə rəng gətirəcəkdir.

Yeni Səhnə Kompleksi
Bu iki mərtəbəli kompleks ədəbi-bədii tədbirlər üçün nəzərdə tutulmuşdur. Bu kompleksdə qalereya, kamera musiqisi zalı, kokteyl otağı, mətbuat mərkəzi, kitab mağazası, antik mallar və muzey mağazası və kiçik kinoteatr yerləşəcəkdir.

Cənub terrası
Cənub terrası Yeni Səhnə kompleksi ilə Qayıqçı gölü arasında açıq ərazidir. Bu ərazidən Qayıqçı gölünü və gölün arxasında yerləşən Akademiyanı görmək mümkün olacaqdır. Bu ərazi rəsmi və qeyri-rəsmi diplomatik yığıncaqların keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Şimal terrası 
Bu terrasdan Elipsvari bağın çox gözəl mənzərəsi açılacaqdır.

İncəsənət talvarı
Bu talvarlıq Cənub Terrasının əvvəlində və sonunda yerləşəcək. Azərbaycanın görkəmli incəsənət və musiqi xadimlərinə həsr olunan bu yer onların bəzi əsərlərini nümayiş etdirəcəkdir.

Elipsvari bağ
Bu bağ otluq çəmənlikdən ibarət formal bağdır.

Amfiteatr
Amfiteatr parkın şimal-şərqində yerləşəcəkdir və otluq üzərində yerləşdirilmiş oturacaqlar daşdan olacaqdır.

Qobustan Macəralar bağı
Qobustan qayalığı
Qobustan mağarası

Qobustan macəralar bağında daş mağara vardır. Bu mağaradakı Qobustan qayalığına gedən yol daş pilləkəndir və bu pilləkən şəlalədən keçir. Mağara elə qurulacaqdır ki, həm böyüklər, həm də uşaqlar müxtəlif yerlərdən mağaranı tam görə bilsinlər.

Sehrli Dünya
Bu bağda uşaqlar üçün nəzərdə tutulmuş Sehrli Dünya da yerləşəcəkdir. Bu sehrli dünya əyləncə mərkəzindən ibarətdir

Poeziya talvarı
Bu talvarlıq da daş və ağacdan düzəldilmişdir və ziyarətçilər meynələrin kölgəsində otura, dincələ və parkı seyr edə biləcəklər. Bu talvar, xüsusi olaraq, Azərbaycan ədəbiyyatının incilərinə həsr olunacaqdır.

Promenad və cığırlar

Parkın yol şəbəkəsi promenad və cığırlardan ibarətdir. Bu yol boyunca uzanan talvarlar isə nəinki yol şəbəkəsinin bir hissəsi, həm də istirahət guşəsi və sərgi timsalıdır.

Gəzinti promenadası və dairəvi cığırlar
Parkda ediləcək dəyişikliklərdən biri promenad və dairəvi cığırlar olacaqdır. Təxminən 3.5 km uzunluğunda olan promenad gəzinti, qaçış və velosiped üçün nəzərdə tutulmuşdur və parkın ətrafını dövrələyəcəkdir. Bundan əlavə, park daxilində gəzinti üçün uzunluğu 3.5 km olan cığırlar olacaqdır. Bu cığırlar elə salınacaq ki, parkı seyrə çıxanlar parkın bütün istiqamətlərində rahat gəzib-dolaşa bilsinlər.

Möcüzəli cığırlar
Dədə Qorqud parkı həm də, Azərbaycanın irsinin təmsilçisi rolunu oynayacaqdır. Bu park səma altında açıq sərgi, cığırlar isə həmin sərgini dolaşdıran yollardır. Belə ki, parka gələnlər bu cığırlarla parkı seyrə çıxacaq və Azərbaycanın mədəni irsi, tarixi, və təbiəti ilə tanış olacaqdır. “Möcüzəli cığır”lar parkdakı müxtəlif görməli yerlərin və bağların ətrafı ilə uzanacaq və nisbətən dar cığırlar olacaq. 2.5, yaxud 1.5 metr enində qənbərlik üslubunda olacaq bu cığırlar yalnız gəzinti üçün nəzərdə tutulmuşdur. Bu cığırlar parkın təbii çalarlarını tamamlayacaq və parkın dərinliklərinə qədər uzanacaqdır.

Cığırboyu talvarlar
Talvarlıq Azərbaycanda geniş yayılmış ənənələrdəndir. Yay aylarında azərbaycanlılar talvarın kölgəsində sərinləməyi sevir. Parkın yenidənqurması zamanı bu ənənədən də istifadə olunacaqdır. Möcüzəli cığırlar boyunca talvarlar salınacaqdır. Talvarların sütunlarından eksponatlar asmaq üçün istifadə olunacaq. Bu eksponatlar sırasında Azərbaycanın florası, faunası, tarixi, incəsənəti, ədəbiyyatı və sairə inciləri nümayiş etdiriləcəkdir. Dədə Qorqud ozan olmuşdur və tarixin yaddaşında söylədiyi dastan və hekayətlərlə qalmışdır. Parkın ziyarətçilərinə isə Azərbaycan haqqında hekayətləri bu cığırlar və talvarlar söyləyəcəkdir. Parkda yeddi talvar olacaq və onların hər biri tarixin yaddaşına həkk olunmuş hadisəyə həsr olunacaqdır – Kitabi-Dədə Qorqud talvarı, İpək Yolu talvarı, On iki prinsip talvarı, Doqquz iqlim zonası talvarı, Novruz talvarı, İncəsənət talvarı və Poeziya talvarı.

Parkın avadanlığı

Parkda açıq havada rahat taxta skamyalar, kafe masaları və stulları qoyulacaq. Bütün bunlar müasir üslubda olub, parkın memarlığı ilə səslənəcəkdir. Cığırlar boyunca sərt kəsimə malik 4 metrlik işıqlandırma dirəkləri qoyulacaq və hər dirəkdə 150 W-luq metal haloid qurulacaqdır.

Tarix və memarlıq

2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kitabi Dədə Qorqud abidəsinin konsepsiyası ilə bağlı müsabiqə keçirmişdir. Həmin müsabiqədə Amerika Birləşmiş Ştatlarının iki böyük memarlıq şirkəti: EDAW İnc. və Einhorn, Yaffee Prescott şirkətləri iştirak etmiş və nəticədə qalib elan olunmuşlar.

Beynəlxalq nüfuza malik olan bu iki memarlıq şirkətini qalib edən konsepsiyanın əsasını yalnız bir abidə deyil, ümumilikdə parkın yenidən qurulması təşkil etmişdir. Dədə Qorqud ozan olmuşdur, dastanlar və rəvayətlər söyləmişdir. Dədə Qorqud Parkı da ozandır. Bu park hekayə söyləyir. Həmin hekayə azərbaycanlılıq və Azərbaycanın irsi barəsindədir. Dədə Qorqud Parkı Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayiş meydanı olacaqdır.

2008-ci il ərzində parkın layihə sənədləri beynəlxalq nüfuzlu memarlıq və dizayn şirkəti EDAW İnc. tərəfindən işlənib hazırlanmışdır.

Flora və Fauna 

Parkın yaşıllığı yenidən canlandırılacaqdır. Layihələndirmə zamanı hazırda parkda mövcud olan şam ağacları və digər kolluq və otluqlar ləğv edilməyəcək, əksinə Azərbaycana məxsus və aborigen olan bitki və ağaclar qorunacaqdır. Parkda bioloji müxtəlifliyi və yabanı canlıları artırmaq üçün yeni ağaclıqlar və bu ağaclara uyğun bitkilər əkiləcəkdir. Azərbaycanda 4,500 növ hündür boylu ağaclar qeydə alınmışdır, bu isə Qafqaz regionunun floral müxtəlifliyinin 65%-ni, dünyankının isə 11%-ni təşkil edir. Bunlardan 22%-i Bakının yerləşdiyi Abşeron Yarımadasının payına düşür. Bundan isə 210 hündürboylu ağac Azərbaycanın endemik ağacları hesab edilir və bu ağaclar 98 növə və 32 ailəyə bölünür. Yaşıllıq üçün seçilmiş ərazilər nəzərə çarpan sahələr olacaq və müntəzəm suvarılacaqdır.

Alternativ Enerji

Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən və islahatlar aparılan iqtisadiyyatıdır. Ölkəmiz regionda liderə çevrilməkdədir. Bütün bunlar uzaqgörən siyasətin nəticəsidir.

Bu uzaqgörənlik, nəinki iqtisadiyyatın, eyni zamanda, enerji mənbələrinin diversifikasiyasında özünü göstərə bilər. Neft və qaz hasil edən Azərbaycanın alternativ enerji istehsalına sərmayə qoyması bu ölkənin ətraf mühitin qorunmasına ciddi yanaşmasını sübut edən faktorlardan biridir.

Azərbaycan Diplomatik Akademiyası ilk dəfə olaraq bu regiona “yaşıl” kampus layihəsini gətirmişdir və hazırda həmin layihəni həyata keçirməkdədir. Dədə Qorqud parkının bir hissəsi olan bu layihədə geotermal enerji, külək enerjisi, yağış suları və günəş enerjisindən istifadə olunacaqdır.

Bakı küləklər şəhəridir. Bu səbəbdən, külək turbinlərindən əldə edilmiş enerjidən istifadə etmək təklif olunur. Estetik dizayna malik olan külək turbinlərinin dirəklər üzərində qurulması nəzərdə tutulmuşdur. 10 külək turbininin Qayıqçı gölü ətrafında, 6 turbinin isə ADA kampusunun girişinin yaxınlığındakı Vaqif prospektində yerləşdirilməsi layihələndirilmişdir.

Geotermal enerji istehsal edən sahə Cıdır Düzünün altında yerləşəcəkdir. Bakıda su qıtlığını nəzərə alaraq, parkın suvarılması məqsədləri üçün yağış suyundan təkrar istifadə nəzərdə tutulmuşdur.